təbriz

Təbriz

September 10, 2024 Yeniləmə tarixi

Təbriz, İslam Ölkələrinin Turizm Paytaxtı

İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Turizm Nazirlərinin Niger Respublikasının paytaxtı Niamey şəhərində keçirilən İslam Konfransının 9-cu sessiyasında Təbriz (İran) şəhəri 2018-ci ilin İslam turizm paytaxtı seçilib.Tədbirdə çıxış edən İƏT-in baş katibi İyad Əmin Mədəni təşkilata üzv dövlətlərdə turizm sektorunun daha da inkişaf etdirilməsinin zəruriliyindən danışıb, qeyd edib ki, üzv ölkələr 2017-cü ildə 147 milyon turist qəbul ediblər ki, bu da ötən illərlə müqayisədə çoxdur. Əldə edilən gəlirdə isə 20 milyard artım qeydə alınıb. Təbriz şəhəri islam ölkəri arasında turizm baxımından önəmli bir yer tutur. Təbriz İranın 7 böyük tarixi, mədəni və sənət şəhərlərindən biri olmaqla yanaşı, Şərqi Azərbaycan vilayətinin mərkəzidir.
tabriz
Bu səbəbdən Təbriz Tehrandan sonra İranın ən modern şəhəri kimi tanınır. Ərazisi dəniz səviyyəsindən 1350-1500 metrə qədər yüksəklikdədir. Təxminən 2 milyondan çox əhalisi olan şəhər tarixi İpək Yolu üstündə yerləşdiyindən, Şərqlə Qərbi bir-birinə birləşdirir. Buranın üstüörtülü geniş və böyük bazarı dünyada çox məşhurdur. Təbriz Şərqi Azərbaycan əyalətinin və Təbriz şəhristanlarının mərkəzidir. Şərqdən 46-cı meridianla şimaldan 38 dərəcə paralel yerləşən Təbriz şəhəri dəniz səviyyəsindən 1351,4 metr yüksəklikdədir. Azərbaycan Respublikası sərhədi ilə Təbrizi 140150 km-lik masafə ayırır. Təbriz-Culfa yolunun uzunluğu şosse yolu ilə 146 km, dəmiryolu ilə 155 km-dir. Bu şəhər Azərbaycan Respublikası, Naxçıvan və Ermənistanla həmsərhəd olduğu üçün strateji və ticari əlaqələr cəhətdən də böyük əhəmiyyətə və mövqeyə malikdir. Təbriz şəhristanının sahəsi 453000 kv.km, əhalisi isə 3526000 nəfərdir. Şəhristan şimaldan Əhər və Şəbüstərlə, şərqdən Sərab və Miyana, cənubdan Marağa, qərbdən usə Urmiya gölü ilə həmsərhəddir. Şəhər ətrafındakı Səhənd dağları və şəhərin içindəki eynəli təpələri, yaşıl parklar, xüsusən El gölü parkı, böyük və qədim bazar, çoxlu tarixi abidələr, magistral yollar, böyük ticarət mərkəzləri bu şəhərə xüsusi bir gözəllik bəxş edir. Şəhərə həmçinin Göy məscid, Ərk qalası, “Gəncinə” (Xəzinə) muzeyi, Təbriz bazarı, Şah gölü (El gölü), Məqbərətüşşüara (Şairlər Məqbərəsi), Camaat (Camiə) məscidi və s. xüsusi gözəllik verir.
 
 
 

Əlgölü

Əlgölü və ya sonrakı adıyla Şahgölü — Təbriz şəhərində milli park və parkın adını daşıdığı böyük göl. Bu parkın tarixi İranda Qacar dövründən başlayır.
 
 
 
t%c9%99briz-bazari

Təbriz bazarı

Təbriz bazarı — Təbriz şəhərinin mərkəzində yerləşən, dünyanın ən böyük bazarlarından biri olan bu bazar UNESCO-nun dünya mirası siyahısına salınmışdır. Ehtimallara görə, Təbriz bazarı eramızın 4-cü əsrində tikilib. Təbriz bazarı 15 kv.metr ərazini əhatə edir. İrili-xırdalı bazarda 5 min dükan və ticarət mərkəzi var. Bazardakı dalan, karvansara, rasta (bir neçə kiçik bazarın qovşağı) və s. yerləşdiyi ərazinin uzunluğu isə 5 km-dir. Bazarda 19 timçə (eyni məhsulu və malı satan kiçik dükan), 8 dalan, 22 rastabazar, 22 karvansara və s. yerləşir.
Əsasən orta əsrlərdə tikilən bu bazar indidə öz iqtisadi əhəmiyyətini itirməmişdir. Bir neçə kilometr uzunluğu olan bu bazar iqtisadi əhəmiyyətindən başqa, turist mərkəzi kimi bütün dünyanı özünə cəlb edir. İqtisadi və memarlıq əhəmiyyətindən əlavə Təbriz bazarı öz sosial fəallığı ilə də məşhurdur. Azərbaycan və müasir İran tarixində baş vermiş bir sıra mühüm tarixi olaylar Təbriz bazarı ilə birbaşa bağlıdır. Təbriz bazarının bağlanması kütləvi etiraz hesab edilirdi. Təbriz bazarının dayanması bütün zamanlarda hakimiyyətlər üçün böyük təhlükə, üsyan siqnalı hesab olunur. 1891-ci il martın 19-da Nəsrəddin şahın İranda tütün ticarət hüquqlarını ingilis firmasına satmasına etiraz olaraq bütün ölkə ərazisində başlayan etiraz dalğasının önündə Təbriz bazarı idi. 1891-ci il avqustun 19-da Təbriz əhalisi adından şaha müraciət olunur, ardınca şəhər bazarı bağlanır. 1905-1911-cı illərdə baş vermiş Məşrutə hərəkatının da aparıcı mərkəzi Təbriz bazarı idi. Bununla yanaşı "Yaşıl hərəkat"ında, Səttərxan hərəkatında və ötən əsrin 70-ci illərində İranda şaha qarşı xalq etirazları zamanı Təbriz bazarının rolu danılmazdır. Qədimdən Təbriz Böyük İpək yolunun üstündə yerləşdiyindən, eyni zamanda buradan şimala Şamaxıya, cənuba Bağdada karvan yollarının mövcudluğu Təbrizin mərkəzində yerləşən bazarı bütün ətraf ölkə tacirləri üçün cəlbedici etmişdir.
 
 
 
 
 

Azərbaycan muzeyi

Azərbaycan muzeyi — müasir İranın şimal-qərbində ən böyük arxeologiya muzeyidir. Muzey Təbrizdəki Xaqani parkı və Göy məscidyaxınlığında yerləşir. 1958-ci ilin aprel ayında yaradılmışdır. Muzey 3 böyük zaldan, həyətyani ərazidən, ofis otaqlarından və kitabxanadan ibarətdir. Muzeydə əsasən Cənubi Azərbaycan ərazisində aparılmış qazıntılardan aşkar edilmiş tapıntılar, incəsənət nümunələri və heykəllər nümayiş etdirilir. Muzeyin kitabxanasında əlyazma və çap formasında olmaqla 2500-dən çox kitab saxlanılır. Kitabların əksəriyyəti tarix, arxeologiya, incəsənət və İran mədəniyyəti haqqındadır. Azərbaycan muzeyində İran tarixinin müxtəlif dövrləri haqqında olan kitabların sayı təkcə İran Milli Muzeyində qorunan kitabların sayından geri qalır.
 
 
 

Şüəra məqbərəsi

Şüəra məqbərəsi — və ya Şairlər məqbərəsi Təbriz şəhərində yerləşən məşhur tarixi memarlıq abidəsi, Azərbaycan memarlığının ən dəyərli nümunələrindən biridir. Burada məşhur Azərbaycan yazıçılarının qəbri yerləşir. Şüəra məqbərəsi 2009 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycana aid videoçarxda Azərbaycanın simvollarından biri kimi göstərilmişdir. Şairlər məqbərəsi Təbrizin qədim Surxab məhəlləsində yerləşir. Məzarlığının adı XIII əsrə qədər məlum olan heç bir mənbədə çəkilmir. Məzarlıq haqqında ilk dəfə Elxanilər dövlətinin dövründə yaşamış şair, tarixçi, çoğrafiyaçı Həmdullah Qəzvininin "Nüzhətül-qülub" (“Ürəklərin əyləncəsi”) kitabında bəhs olunur.
 
Təbriz Atabəylər dövlətinin paytaxtı olduqdan sonra buraya bir çox şairlər pənah gətirir. Çünki onlar sakit, firavan həyat arzulayır, müharibələr, savaş meydanlarından uzaq məkanda yaşamaq istəyirdilər. Xaqani və Fələki Şirvanilər Şirvandan, Əbülula Gəncəvi Gəncədən, Zahirəddin Fəryabi Xorasandan gəlib Təbrizdə məskən salır, yazıb-yaradırlar. Ölümlərindən sonra isə onların dəfn olunduqları məzarlıq “Şairlər məqbərəsi” adlandırılıb. Elxanilər, Ağqoyunlular dövründə də bu şəhərə tanınmış şair və ziyalılar pənah gətirirdilər. XI əsrdə burada dəfn olunan ilk şair Əsədi Tusi olub. XI əsrin digər tanınmış Azərbaycan şairi Qətran Təbrizi məzarlıqda dəfn olunan ikinci şairdir. XII əsrdə burada Azərbaycan klassik ədəbiyyatının nümayəndəsi, mütəfəkkir Xaqani Şirvani və Beyləqanda dünyaya gəlib Təbrizdə vəfat edən Mücirəddin Beyləqani dəfn edilib. Mücirəddin Beyləqani eyni zamanda Xaqaninin şagirdi olub. Sonradan burada Zülfüqar Şirvani, Hümam Təbrizi, Məğribi Təbrizi, Siqqətül İslam, Baba Həsən, Baba Məzid, Pir Türk, Sultan Dədə Əli, Həsən Naxçıvani və təxminən 400-dən artıq söz, sənət adamı burada dəfn olunur. Zaman keçdikcə təbii hadisələr sel, zəlzələ bu məzarlığa ciddi xətər yetirir. Xaqani Şirvani, Əsədiyyə Tusi, Mücirəddin Beyləqani, Qətran Təbrizi, Hümam Təbrizi və digərlərinin məzarı 1772-ci ildə dəhşətli zəlzələdən sonra məhv olub. Şairlər məqbərəsi 1970-ci ildə bərpa olunur və müasir görkəmini alır. 1988-ci ildə vəfat edən Məhəmmədhüseyn Şəhriyar öz vəsiyyətinə əsasən burada dəfn olunub. Məhəmmədhüseyn Şəhriyardan sonra burada müasir şairlərdən Əziz Dövlətabadi, Mahmud Məlmasi-Azarm da dəfn edilir.
 
 
 
 
 

Əmir Nizam evi

Əmir Nizam evi-Bu muzey Təbrizin Şeşgilan məhəlləsindədir. Qacar türk şahlıq sülaləsi dövründə Təbrizin bu məhəlləsində çoxlu gözəl və tarixi binalar inşa edilmişdir. Əmir Nizam Gəruslu binası da bu görkəmli binalardandır. Hazırda Qacar muzeyi kimi istifadəyə verilən bu bina Nasirəddin şah Qacar dövründə və Əmir Nizam Gərusinin xidməti zamanı tikilmişdir. Qaynaqlara əsasən bu bina o tarixdən Qacar dövrünün sonunadək Azərbaycan əyalətinin valilik binası kimi istifadə edilmişdir. Bina (1385-2007) uzun və yorucu təmir fasiləsindən sonra təmir edilmişdir. Qacar muzeyi kimi istifadəyə verilməsinin səbəbi Təbriz şəhərinin Darolsəltənə (sultanlıq divanı) olması və Tehrandan sonra ən önəmli şəhəri olmasıdır. Qacar sülaləsinin başlanğıcından və Abbas Mirza vəliəhd olan zamandan bəri Təbriz şəhəri vəliəhdlərin iqamətgahı idi.
 
 
2024-09-10

Şərhlər və suallar

- Sizin e-poçt ünvanınız dərc olunmayacaq.. - Tələb olunan sahələr qeyd olunub *
WhatsApp Button